Mədəni nitqin məziyyətləri | Ağayarova Səadət

Mədəni nitqin məziyyətləri

Ana Səhifə Azərbaycan dili 29 Mart 2018 42 Oxunma

Ana dili və onun tədrisi metodikası kabineti

Ana dili və onun tədrisi metodikası kabineti

4.Mədəni nitqin məziyyətləri ( Düzgünlük, dəqiqlik, ifadəlilik, zənginlik).docx

Mövzu 4: Mədəni nitqin məziyyətləri ( Düzgünlük, dəqiqlik, ifadəlilik, zənginlik)

Plan:

1.Dəqiq nitq haqqında məlumat

2.Nitqin düzgünlüyü barədə izahat vermək

3.Bədii nitqin dəqiqliyinin şərtləri

4.İfadəliliyin izah olunması

5.Zənginliyin təsadüf olunduğu məqamlar

6.Təmizlik və yığcamlıq haqqında məlumat

7.Sadəlik və rabitəlik haqqında ümumi məlumat

8.Nitqin rabitəliliyinin izahı

Ədəbiyyat

1.A. Abdullayev “Nitq mədəniyyəti və natiqlik məharəti haqqında” Bakı, 1968

2. 1.H.Həsənov “Nitq mədəniyyəti” Bakı, 1999

3.S Hüseynov “Nitq mədəniyyəti” Bakı, 2010

4.M.Yusifov “Nitq mədəniyyəti” Bakı, 1998

NİTQİN ƏSAS KEYFİYYƏTLƏRİ

Müasir dövrümüz gənc nəslin qarşısında yüksək nitq mədəniyyətinə yiyələnmək vəzifəsini qoruyur. Dövlət qurumlardan dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz, xüsusən Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz gücü,iradəsi, dözümlülüyü ilə fərqlənərək medallar qazanmış tələbə və məzunları efir və ekran qarşısında, dövlət başcısı Prezidentə məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 4 -5 cüm lədən ibarət fikrini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuş çempionlarımız öz rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox təəccləndirirlər. Doğurdanmı səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl danışmağa yiyələnmək həyatda qazanılır və hər kəsin özndən asılıdır.

Hələ eramızdan əvvəl yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndələri Diogen və Demetriy nitqin beş keyfiyyətini – təmizliyini, aydınlığı, yığcamlığı, məqsədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi müəyyənləşdirən məziyyətlərin həlledici olduğunu önə çəkdilər.

Nitqin düzgünlüyü. Nitgin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. Ilk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməli, reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğru-dürüstlüyündən çox asılıdır. Tarixi reallığa düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərbməsəllərdən, aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitq ağırlaşdıran, məzmunun dinləyicilərə çatdırılmasını çətinləşdirən, həcmcə böyük, dolaşıq, təm- təraqlı cümlələr işlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə dinləyicilər arasında qarşılıqlı anlaşmanı təmin edir.

Nitqin düzgünlüy ədəbi dil normaları daxilində mümkündür. Kommunikativ keyfiyyətə xidmət edən düzgünlük gerçəklik haqqıda verdiyi məlumata düz mütənasibdir.Düzgünlük anlayışı,əsasən, mövzuya aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini dəqiq və yığcam qura bilər. Deməli, nitqin düzgünlyü dedikdə cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin yerli-yerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür.

Nitqin dəqiqliyi. Dəqiqlik nitqin ilk və əsas şərtdir. Fikrin aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks etdirilməsinə şərt sayılır. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən,fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin məntiqliyi, ardıcıllığı, izahın uyğarlığı fikrin aydın ifadəsinə köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.

Dilimiz respublikamızın müstəqillik qazanması ilə, həqiqi mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd-şərtsiz tam və yeganə ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından bəri bədii, elmi və publisistik yazıların, mətbu orqanların dili də, radio-televiziya verilişlərində, teatr tamaşalarında aktyor və diktorların, müəllim, şagird və tələbələrin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə sistem şəklini almışdır.

Nitqin aydınlığı. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir.Bunların içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. Insan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilərsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikirini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələr deyəcəyi faktları ifadə etməyi bacarar.

Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mənasını, işlənmə məqamlarını yaxşı biməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməsi daxildir. Məsələn, danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar varı. Sənə müvəffəqiyyət uğurları arzulayıram. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s.

Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur”, “Dili dolaşıq şəxsin fikri də dolaşıq olur”-cümlələrinin təsdiqinə Ü.Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: – “A kişi, sən elə qəliz danışırsan ki, “Tarixi- Nadiri” yarıya qədər oxumuşam, mən başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər?”

Biz tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da oxuyub təhlil etməli, biliklərini atırmağa xidmət edən bədii ədəbiyyatla, oçerklərlə, həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar.

Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır:

1) Nitqin aydınlığına nail olmaq üçün danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır.

2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir.

3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır;

4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, “bunun” əvəzinə “munun”, “gətirdi” əvəzinə “gətdi”, “gəl gedək” əvəzinə “gə gedəy”, “ona görə” əvəzinə “oa gora”, “nə üçün” əvəzinə “nöşun” və s. deyilmə-məlidir.

5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülmə-sini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir.

Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməkidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər.

Nitqin təmizliyi. Mədəni nitqə verilən tələbələrdən biri də onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniy-yəti, svadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir.

Nitqin təmizliyinin pozulmasının bir neçə ümumi səbəbi vardır:

1. Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri altında dialekt danışığına meylli olur. Onların danışığında əgər, asanlığla, yenə, dərman, manat, şəkil, nə üçün, olacağıq, o qədər, lap az, sən demə, tamam, qaldırmaq əvəzinə əyərrəri, hasannıxnan, genə, dərman, manıt, şikil, nöş, olacoux, oxartanan, cıqqana, deməynən, eyzən, qalxızmağ kimi dialekt tələffüzlü sözlər işlənir.

Dialektizmlərin ədəbi bədii dildə işlədilməsinə yol verilir. Paytaxtdan uzaq bölgələrdən, xüsusən ucqar dağ kəndlərindən bəhs edən bədii əsərlərdə yerli koloriti saxlamaq xatirinə yazıçı dialekt leksikasına müəyyən qədər yer verir və təbiilik üçün belə sözlərə müraciət edir. Bədii əsərdə yerli, məhəlli sözlərin məqsədəuyğunluq tələbinə görə obrazların nitqində işlədilməsi zəruridir. Dialektizmlər dil qanunları əsasında yaransa da, onların hamısının ədəbi dilimizdə işlənməsi mümkün deyidir. Ədəbi dil seçmə və əvəzetmə yolu ilə yarandığından müxtəlif bölgələrdəki dialektizmlərin hamısı bura daxil ola bilməz. Dialekt sözləri bədii üslubda nə qədər zəruri sayılsa da, onlar elmi və publisistik üslublarda işlənmir, nəsr əsərlərində yazıçının öz dilində, təhkiyə dilində yer alması da arzuolunmazdır.Nəzm əsərləri isə yüksək üslubda yazıldığından şairlər belə sözlərə bilərəktən müraciət etmirlər. Ümumiyyətlə, dialekt, şivə sözləri fikrin hamı tərəfindən asanlıqla qavranılmasına maneçilik törədir. Ədəbi dildə yazıb oxuyan, dil vasitələrinə norma kimi yanaşan oxucular buna ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar. Məsələn: “Çoban quzularınsaytalından bir neçəsini ayırdı”. “Maşın keçalata çatanda sürətini azaltdı”- cümlələrindəki saytal, keçalat sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin təmizliyinə ziyan gətirir, onu korlayır.

2. Dilin təmizliyini pozan ikinci cəhət alınma sözlərin lüzumsuz işlədilmə-sidir. Bəzi hallarda şifahi və yazılı nitqdə ehtiyac olmadan mənası çətin, anlaşılma-yan alınma sözlərdən istifadə nəticəsində mövzunun məzmununda nəzərdə tutulan fikir oxucu və dinləyiciyə qaranlıq qalır. “köçürülmək” əvəzinə “evakuasiya edilmək”, “baxış keçirmək” əvəzinə “monitorniq keçirmək”, “nüfuz” əvəzinə “prestij”, “vəzifə” əvəzinə “missiya” sözlərinin işlənməsinə doğrudanmı böyük ehtiyac vardır?

Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, müxtəlif elm sahələrində yazılmış əsərlərdə öz əksini tapan alınma sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər yerdə rast gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamətdən – türk və rus dilləri vasitəsilə dünyanın bütün dillərindən siyasi, iqtisadi, elm və digər sahələr üzrə keçir. Sahə üzrə alınmalar daha çoxdur və onlar danışıq dilində az işlənsə də, bədii üslub istisna olmaqla digər üslublarda bol-bol istifadə olunur: rassionalizm, abbreviatür, respondent, dispozisiya, monitorinq, prestij, akkumliyasiya, orator və s.

3. Nitqin səlisliyini pozan amillər içərisində terminlər də müəyyən yer tutur. Lakin terminlər öz sahəsində işləndikdə zərurət sayılsa da, bədii üslubda yaxud adi danışıqda, çıxışlarda, elmi mövzudan kənarda anlaşılmazlıq törədir.

Son illərdə türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz və terminlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələrdə, hətta danışıq dilində də işləklik qazanmışdır: dəstək, bilgi, öncüı, durum, anlam, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, yaşam, tanıtım, təpki, öndər, çağdaş, dönəm, yüzillik və s. onlarla, yüzlərlə sözməna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın plduğu üçün çox tezliklə və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir.

Dilimizdə kalka yolu ilə yaranmış sözlər də çoxalmaqdadır. Kalka üsulu dedikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid olması nəzərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışın dilimizin milli bazasında istifadə edərək adlandırırıq. Bura açıqca, dabankeş, əyləc, soyad, soyuducu, sərinkeş, tozsoran, yelçəkər və s. kimi sözlər daxildir.

4. Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli sözlərin də müəyyən qədər rolu var. Nitq zamanı cümlələr arasında əlaqə yaratmaq, yaxud işlədilməli olan zəruri sözü düzgün tapmayan şəxs boşluğu doldurmaq, fikrə “körpü” salmaq istəyənlər ya yersiz fasilələr edir, ya da mövzu ilə əlaqəsi olmayan ara söz və ya cümlə tipli söz birləşmələri (deməli, zaddı, şey, adı , nədir, hansı ki, baxanda baxıb görürük ki, canım sənə desin və s. ) işlətmək məcburiyyətində qalır.

5. Elmi üslubda işlədilməsi məqbul sayılmayan söz qrupları sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən bu sözlərə personajların nitqində və canlı danışıqda rast gəlirik: gop eləmək, goplamaq, zollamaq, ağzından nallamaq, güpəmək, angırmaq, donguldanmaq, burcutmaq, qatıqlamaq, eşşək, heyvərə, qoduq, tülkü,sən qıfılla, qırıldatmaq, çərənnəmək, hırıldamaq və s. sözlər nitqdə rəqibini alçaltmaq, təhqir etmək, pis münasibət bildirmək məqsədi daşıyır. Söyüşlər,qarğışlar, ədəbsiz və qeyri – etik sözlər ictimai yerlərdə volqar xarakterli olduğundan, mətbu əsərlərdə nitqin təmizliyi baxımından işlədilməsi caiz görülmür.

6. Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır . Süni ünsiyyət vasitəsi sayılan jarqonsözlər cəmiyyətdə müəyyən qrup insanlar tərəfindən düzəldilir və elə onlar tərəfindən də başa düşülür. Jarqonlar öz fikirlərini başqalarından gizlətmək və ya başqalarından fərqlənmək üçün , konkret bir zürmə tərəfindən işlədilən elə sözlərdir ki, onlar adi halda müstəqil mənada işlədilib hamı tərəfindən anlaşılsa da jarqon səviyyəsində başqa cür mənalandırılır. Məsələn: işini bitirmək(öldürmək), əriştəsini kəsmək (həbs etmək), şestyorka (satqın), hərifləmək (aldatmaq),ütmək (pulunu əlindən almaq), başını qırxmaq (aldadıb almaq), atanda (ayıq ol, səni axtarırlar.) və s.

7. Dilin təmizliyinə xələl gətirən söz qruplarından biri də arqolardır. Fransız dilində keçmiş bu termin altında məhdud dairədə işlənib başqalarını başa düşmədiyi şərti ifadə və ya söz nəzərdə tutulur: tələbələrin işlətdiyi “quyruq” ”kəsir”, akademik borc mənasında müəllimlərin işlətdiyi“pəmcərə” “dərslər” arasında qalan boş vaxt saat mənasındadır.

Sual və tapşırıqlar:

  1. Dəqiq nitq dedikdə nə başa düşülür.

  2. Dəqiq nitq necə meydana gəlir.

  3. Nitqin dəqiqliyi üçün ölçü nədir?

  4. Nitqin düzgünlüyü hansı hallarda mümkündür?

  5. Düzgün nitq nə deməkdir?

  6. Düzgünlük kommunikativ keyfiyyətdirmi? Nitqdə kommunikativliyi necə başa düşürsünüz?

  7. Şifahi danışıqda və ya oxuda kitab tələffüzü əsas götürülürmü? Kitab tələffüzü dedikdə nə başa düşülür?

  8. Bədii nitqin dəqiqliyi hansı şərtlərlə bağlıdır?

Çalışma.Mətndən nitq normalarının köhnəlmiş göstəricilərini müəyyənləşdirib izah edin : Qoltuqçu malları açıb tökdü : Gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu.

Bu adam Axalsıq paşasının nümayəndəsidir. Qoltuqçu sözə başladı :

  • Qardaşım , bu yollar yalnız əsgər deyil, ağır toplar və cəbhəxanalar daşımaq üçün yapılmış.Bu gun Tiflis, yarın Qarabağ, o biri gün isə İran və dövləti Osmaniyyə torpaqları yəğma olunacaq, gavur xəncəri islamın bağrına soxulacaq.

Süleyman paşanın müməsili uzun – uzadı danışdı və bütün xanlıqları ittihada və müqavimətə dəvət etdi.

-Əfəndim, – dedi, – səkkiz il əvvəl yapılmış küçük qaynarça müahidəsi mövcibincə Moskovla xali sülhdə olduğumuz məlumi – alinizdir. Müahidə bu altı illik şiddətli müharibənin bir sənəti olaraq bizi hala, bəzi təşəbbüsatdan məhrum qoyur. Bu əsnada qapı açıldı, nökər Mehmandarın gəldiyini xəbər verdi. Qafilə tərpəndi. Rus zabitləri əllərində rus çariçasının İrakliyə göndərdiyi hədiyyələri tutmuşdular. Bu hədiyyələr bayraq, qılınc, xirqə, toppuz. Tac və fərmandan ibarət idi. (Yusif Vəzir Çəmənzəminli.”İki od arasında”romanından).

Çalışma. Mətndəki dialekt xüsusiyyətlərini ədəbi dildəki fonetik, leksik və morfoloji qarşılıqları ilə müqayisə edin:

Bir paccah öz vəzirinə der : “Bu şarabı içəndən soramı söypək eləsəx şirin olaq, işməmişdənmi söypət eləsəx şirin olar?” Vəzir der :”İndi deəmmərəm, vaxt ver fikirrəşim, sora deərəm.” Bir – iki günnən sonra varellar meşiyə oya degellər, göröllər bu öydə işıq gəler.Şah der :”Ay vəzir, hərəmiz bir öyəmi gessəx, qonax çirin olar, ikimiz birinəmi gessəx şirin olar.” Vəzir der kin, tək gessəx şirin ollux.Çünki atalar def kin, qonax qonağı söməz, öy yəsi də heç hasını. Tək gessəx yaxşıdı.İndi hərəsi bir işığa geder.Kəndin başındakı işıxda vəzir geder, qapıyı döyör. (17, səh. 380)

Çalışma . Bir tələbənin ailə tərkibi haqqında mənzil – isyismar sahəsindən gətirdiyi arayışı təqdim edin. Arayış formasını olduğu kimi verin.

NİTQİN YIĞCAMLIĞI.

Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq müxtəsərlik və qısalıq anlamındadır.İnsanlar adi danışıqdan tutmuş mühazirə, məruzə çıxışlar, eləcə də bədii əsərlərə qədər yöğcamlıq tərəfdarları olub uzunçuluğun, sözçülüyün əleyhinədirlər.Fikri ifadə etməklə qısa demək bacarığı bu da istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü – biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlamamağı, başqalarını yormamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını qiymətləndirmək, uzunçuluq etməmək naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdırılır.

Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb edir. “Sözlər az, fikir geniş, məna dərin” olsun deyə sənətkarlar da, “uzun sözün qısası” fikrini bəyan edən atalar sözü də, “uzunçuluq eləmə” kimi xalq tövsiyyəsi də göstərir ki, vaxt almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün ən yaxşı üsul fikri qısa və yaxşı üsul fikri qısa və aydın ifadə etməkdir. Dəmir seyf, cədvəl şəkli, taksi maşın, qara neft, pensiya pulu və s. söz birləşmələrindəki dəmir, şəkil maşın, qara , pulsözləri artıqdır, axı seyf dəmirdən olur, taksinin maşın olduğu, neftin qara olması hamıya aydındır. Yaxur, “Məndə ona qarşı məhəbbət var”, “Ürəyim fərəh hissi ilə döyünürdü”,”Ta qədimdəm yaradıcı sənətkarlara hörmət var” və s. cümlələrində qarşı, hissi, ta, yaradıcıvə s. sözlərinin lüzumsuzluğu göz önündədir. Görəsən yaradıcı olmayan sənətkar varmı? – ta- ədatı uzaqlıq bildirdiyindən “ta qədimdən” işlətməyə ehtiyac yoxdur. Bu tipli cümlələrdə uzunçuluqdan irəli gələn bəzi sözləri atmaqla fikri yığcam ifadə etmək mümkündür.

Dilə yaxşı bələd olmayan adamların nitqində konkretlik və yığcamlıq kimi keyfiyyətlərin çatışmaması təbiidir. İndi xarici ölkələrə yazışmalar, göndərilən məktublar , teleqramlar Ali Məhkəməyə Appelyasiya şikayətləri çox yığcam verilir. İnternet saytlarında artıq cümlə və təkrar fikirlər oxunmur. Bunları nəzərə almaq və yığcam yazıb danışmaq hamı üçün mədəniyyət forması, qanun-qayda əlaməti olmalıdır.

NİTQİN SADƏLİYİ. Nitqin sadəliyi onun yığcamlığından, asan, anlaşıqlı, təbii və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən, bəsit cümlələrdən. Elmi və ya bədii üslubdan qaçmaq anlamından yox fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq verən ifadə tərzi kimi başa düşülür. Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gürultulu, yalançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, dağın ciyəri, kadr potensialı, horizontal xətt və s).istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır. Anlaşılmayan və ya az anlaşıqlı, lakin konkretlik və təbiilikdən uzaq söz birləşmələri mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır. Məfhumun canlanddırılmasını mümkünsüz edir. (“vicdanın böyük heykəli ” kimi) və nitqin asan başa düşülməsini çətinləşdirir.

NİTQİN MÜNASİBLİYİ.Nitqin münasibliyi üçün misallar və sitatlar elə seçilməlidir ki, konkret dil situasiyaları, ədəbi üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə alınsın. Ünsiyyətin müxtəlif sahələrinə xidmət edən funksional üslubların hər birinin özünəməxsus dil materialını seçmə və işlətmə üsulları vardır.

Bədii yazıda dil elementlərin uyğunluğu digər yazı növlərindən fərqlənir. Bədii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazları dövrün həyat normalarını gözləməklə bədii ifadə və təsvir vasitələri ilə qələmə alır xalqın sosial həyat şəraitini yeri gəldikcə frazeoloqizmlərlə, atalar sözləri və zərb məsəllərlə şifahi xalq ədəbiyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi psixoloji faktorları ön planda bədii sözün qüdrəti ilə nümayiş etdirir, insanlarda kiməsə nifrət, kiməsə məhəbbət hissi ilə dolu əsl sənət nümunələri yaradır.

Bu üslubda elmi terminlərə, hər növ neoloqizmlərə, dilin təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafaret fikirlərə az rast gəlirik. Amma işgüzar (rəsmi – kargüzarlıq, rəsmi-əməli) yazı növlərində standart formalar üstünlük təşkil edir. Bunlar rəsmi sənədlərin pozulmaz forması kimi sabitliyini saxlayır.

Nitq mübadiləsinin intonasiya məqsədinə xidmət etməsi üçün natiqdən dil strukturuna bələdlik və savad, dilin ifadə vasitələrindən istifadə bacarığı, nitq vərdişi, materialın məzmunu və həcmi haqqında aydın təsəvvür, dinləyici və ya oxucu veriləcək məlumatın zəruriliyi tələb olunur. Bu zaman nitqin ünsiyyət mühitinə uyğunluğu, dinləyən və ya oxuyanların anlama səviyyəsinə müvafiqliyi nəzərdə saxlanılır.

Nitqin münasibliyini şərtləndirən amillər içərisində aşağıdakılar daha önəmlidir: 1) Mövzunun (fikrin) məzmununa uyğun dil materiallarının seçilməsi: 2) Dil vasitələrinin nitqin məqam və şəraitinə uyğunluğu ; 3)Nitq üslubundan asılı olaraq dil vasitələrinin məqsədəuyğunluğu : 4) Dil materialının natiqliq şəxsiyyətinə, yaşına, savadına, dünyagörüşünə, sənətinə uyğunluğu.

Nitq prosesində kimin kimlə, hansı şəraitdə (təklikdə, yaxud auditoriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) informasiya mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi, istiqaməti aydın olmalı, natiqin (müəllimin, lektorun, mühazirəçi, məruzəçi və ya çıxış edənin) nəzəri və praktik hazırlığı iştirak edənlərin, dinləyən və ya oxuyanların marağı dairəsində olmalıdır.

İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət kəşfiyyat işlərindəki müəyyən məlumatları danışmaq olmaz. Hərbi hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də “N” hərfi ilə hissəyə işarə edilir. Yaxud, danışıqda əxlaq normalarına görə heç kəs öz arvadına adını yad kişilər arasında çağırmır. Ümumiyyətlə, azərbaycanlılar qadın – qız adlarını məclislərdə, ictimai yerlərdə kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya ər hətta valideyinlərinin belə “mənim arvadım”, “mənim ərim” ifadələrini işlətmir, başqalarının yanında isə onların adlarının çəkməyə əxlaqqaydalarına görə münasib görmürlər. Dilçilkdə buna tabu deyilir. Elə bu səbəbdən A.Bakıxanovun “Kitabi –Əsgəriyyə” əsərində, Ə.Haqverdiyevin “Xəyalat” pyesində, A.Şaiqin “Məktub yetişmədi” hekayəsində qadın obrazı verilməmiş, qadın adı çəkilməmişdir. Keçmiş əxlaq normalarına görə kişi arvadının adını böyüklərinin yanında deyə bilməzdi,”uşaqların anası” və ya”filənkəsin qızı” (əgər tanınmış kişinin qızı idisə) deyə işarə edərdi. Bu hal başqa xalqlar üçün xarakterik deyil. Ruslar “maya jena”, fransızlar “ ma fam” deməkdən nəinki çəkinmirlər, əksinə qürur duyurlar.

Yaxşı danışmaq, şərt mənanı yumşaltmaq üçün evfemizmlərdən də istifadə olunur. “Yox” əvəzinə “xeyr, “yalandır” əvəzinə “doğru deyil”, ”həqiqətə uyğun deyil”, “xoş getdin”əvəzinə “xoş gəldin”; ”demək” əvəzinə “buyurmaq”; “ölmək” əvəzinə “rəhmətə getmək”, “ömrünü bağışlamaq” və s. kimi sinonim söz və ifadələri işlətməyə üstünlük verir.

Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan sözlərə – omonimlərəyazılı nitqdə geniş yer ayrılır.Çünki şifahi nitqdə sözün mənasına daha çox fikir verildiyi halda yazılı nitq həm forma, həm də məzmun cəhətdən və dəqiq olmalıdır.Yazılışına görə müxtəlif, səslənməyə görə eyni olan sözlər – omofonlarnitq prosesində səslərin təhrifi ilə meydana çıxır. Məsələn:Külək qapını aşdı.(açdı) – O, baryeri aşdı.

Şeirdə belə sözlər ritm və qafiyə xatirinə omofon şəklinə salınır. Aşıq şeirinin janrında qafiyələr cinas sözlər üzərində qurulur:

Mən qurban eylərəm yara canımı,

Götürüb doğraya, yara canımı.

Alıb təpə-dırnaq yara canımı,

Bilmirəm dərmanı, ay ana, ana. (A.Ələsgər.)

Şair “yara” sözlərini cinas məqamında işlətmişdir. Birinci “yar”ismi yönlük halda, ikinci “yarmaq” felinin arzu forması, üçüncü isə “əzik, xəstəlik” mənasında olan “yara” sözüdür. Belə omofonlar həm fonetik – üslubi, həm də semantik məntiqi cəhətdən fikri qüvvətləndirməyə xidmət edir.

Dildə yazılışı eyni, səslənməsi müxtəlif olan sözlərə – omoqraflara isə həm yazılı, həm də yazılı nitqdə çox rast gəlirik : gəlin (isim)- gəlin (felin əmr forması), açar (isim) – açar(felin qeyri-qəti gələcək zamanı), bağlar(isim cəm halda) – bağlar(bağlamaq feli qeyri-qəti gələcək zamanda) və s. Belə sözlər mənasına, vurğunun yerinə görə bir- birindən fərqlənir.

Dildə mənanı daha dəqiq ifadə etmək baxımından sinonimlərin də rolu böyükdür. Müxtəlif məna malarlıqlarına malik anlayışları bildirən sinonimlər ifadə formasına görə fərqlidir. Ağ eləmək – ağ yalan danışmaq, əyləşmək – oturmaq, dinləmək – eşitmək – qulaq asmaq, yaşlı – qoca – ağsaqqal, qaçmaq – yüyürmək, ölmək – gözlərini əbədi yummaq – dünyasını dəyişmək- dünyadan keçmək və s. sinonimləri nitqdə danışıq şəraitindən, işlənmə məqamından, üslubi və subyektiv münasibətindən asılı olaraq danışanın və yazanın fikrinə uyğun şəkildə ifadəsini tapır.

NİTQİN RABİTƏLİYİ.Nitq prosesində əgər sözlər yerli-yerindədirsə, cümlələr düzgün qurulmuşsa, deməli informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Belə vaxt hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. Ümumiyyətlə, ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun üçün materialın əsas və ikinci dərəcəli məsələləri bir – birindən ustalıqla ayrılmalı, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.

NİTQİN ORİJİNALLIĞI.Özünəməxsusluğu ilə seçilən, bir sıra məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdən alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir?

  1. Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz tərzində.Natiq cümlələrdəki ayrı – ayrı sözləri, məqamında ayrı-ayrı hecaları. Məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz edir söz və qrammatik formalarda orfoepik normaları tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir.

  2. Mövzu ilə əlaqədar sitatlardan, poetik – üslubi ifadələrdən, aforizmlərdən, atalar sözləri, zərb –məsəllərdən bacarıqla istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla nitqini orijinal qurur. Bu zaman mühafizə, məruzə və ya çıxışda mövzunun aktuallığı nəzərə tez çarpır, mövzunun məzmunu bütün təfərrüatı ilə izaha cəlb olunur, axırda da nəticə çıxarılmaqla deyilənlər yekunlaşdırılır.

Əlbəttə mövzunun aktuallığını ön plana çəkməmişdən natiq öz dediklərinə diqqəti cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı bir görkəmli tarixi şəxsiyyətdən, dövlət xadimindən bir sitat gətirməklə fikrini əsaslandıra bilər.

Bədii təsvir vasitələri də nitqin orijinallığını təmin etməyə yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacarığından, aldığı ixtisasdan, bədii sözün sirlərinə bələdliliyindən asılıdır. Bədii əsərləri müntəzəm mütaliə edən, şair, yazıçı və ya söz ustalarının dilində səslənən aforizm və hikmətli sözləri öyrənib yaxşı mənimsəmiş şəxslər obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa, anafora, epifora və s. kimi təsirli və obrazlı ifadılırı ifadələrə) geniş yer verməklə öz nitqini bəbii, daha yararlı və münasib edən orijinal üsullarla gözəlləşdirə bilir.

Sual və tapşırıqlar :

  1. Dəqiqlik hansı üslubun ( bədii, publisistik, elmi, işgüzar və ya ailə – məişət) səciyyəvi xüsusiyyətidir?

  2. Sözləri düzgün tələffüz etmək nəyin göstəricisidir?

  3. Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirdiyini xatırlayaraq bir neçə nümunə göstərin.

  4. Hansı nitq forması düzgün hesab olunur?

  5. Hansı nitq təmiz hesab edilir ?

  6. Nitqin təmizliyinin pozulmasına gətirib çıxaran səbəblər hansılardır?

  7. Bədii əsərlərdə dialekt sözlərinə nə vaxt yer verilir? Bəs hansı məqamlarda dialektizmlərə yer verilməsi məqbul sayılmır ?

  8. Məəhəlli elementlərə, loru sözlərə, jarqonizmlərə, əcnəbi sözlərə təmiz nitqdə rast gəlmək olurmu? Əgər rast gəliriksə, belə nitqi necə adlandırırlar?

  9. Nitqin aydınlığını necə başa düşürsünüz?

  10. Nitqin münasibliyi üçün əsas şərtlər hansılardır?

Çalışma . Kiçik bir məqalə yazın, onun giriş, orta (əsas) hissə və sonluğunu həcm nisbətini izah edin.

Çalışma. Mətndəki fonetik, leksik və morfoloji dialektizmləri göstərin.Məhəlli xüsusiyyətlərin hansı dialektə aid olduğunu müəyyənləşdirin :

… Hamı əsəbiləşmişdi, hətta cavanlardan bir neçəsinin çııxıb evlərinə getdiklərini görən Cəbo yenidən başladı və :

-Ə, noldu ə? Bir kişi tapılmadı mənim maşınımı yusun?Pul verirəm da bə, müftə yumuyacaq ki? – dedi:

Bu sözlərdən sonra Zalı Məmmədoğlu Cəbonu nə ilə, necə vuedusa onu çul kimi yerə sərdi və dedi :

  • Ədə, köpəyin balası, bu kənddə səni tanımırlar kimsən ? Hansını deyim ə? Niyə belə qudurdun, bala ?

Və Zalı Məmmədoğlu özünü dədəsinin üstünə atan Kamranı görən kimi : – Ədə qoduq, apar onu əvə, ayılsın, sonra buraxın adam içinə. Bəsdir, adam qudurur ey, ta belə yox! İtin balaları, elə bilirsiniz camaatın mənliyi – filanı yoxdur? Ə, qanın da buları?! Dünənə kimi acından köpük qusurdunuz dana! Bir tikə,Allah yetirən çörəyi nə üçün adam balası kimi yemirsiniz ə, hi?

Zalı Məmmədoğlu kənddə montyor işləyirdi və ailəsini namusla dolandıran kişilərdən idi ; bir tikə çörəyi o, daşdan çıxarırdı, əlindən inni – cinni qurtarmazdı: pəncərələrə şüşə salmaq, qapı – pəncərə qayırmaq, elektrik avadanlıqları təmirçisi, xolodilnik ustası, radiyo, televizor, bir sözlə, necə deyərlər, zalı belə Zalı idi.(Şamil Zaman.Qarabağları tərənnüm edirəm.(…Bakı, 2007, səh. 83)

NİTQİN MƏNTİQLİYİ.Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün məntiqi nitq adlanır. Məmtiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəkkürünün məhsulu kimi meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı nümunələrində – əfsanə , nağıl, qaravəlli və təmsillərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası bilərəkdən şişildilir, ya da kiçildilir. Məs : Yeddi gün, yeddi gecə yol getdi ; Koroğlu yeddi qazan plovu yedi; Qırx gün,qırx gecə yatdı; Dərələrdən sel kimi, təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü ; Uçan xalçaya mindi; Sehirli papağı geyib görünməz oldu ; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı və s.

Məntiqlik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.

NİTQİN AHƏNGDARLIĞI.Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin fonatik imkanlarından bəhrələnməklə cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.

NİTQİN ZƏNGİNLİYİ. Zəngin söz ehtiyatına malik natiq yalnız dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, ibarələrdən, məcazların müxtəlif növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onların asan dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir vasitələri hesabına başa gəlir.

Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının kəmiyyət və keyfiyyətindən asılı olan məsələdir. Nitqin zənginliyi bütün üslublar üçün vacib olsa da, bədii üslubda o daha yüksək, elmi və publisistik üslublarda nisbətən aşağıdır. Səbəbi də onunla izah edilir ki, bədii əsərlərdə yazıçının dilin bütün laylarında işlənən sözlərdən istifadə etmək hüququ var, amma elmi və publisistik üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı və orijinal üslubda ifadə imkanına malikdir. O, sözlərin leksik – semantik zənginliyindən tutmuş intonasiya və ritm incəliklərinə qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır.

Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrar olunmadan kəmiyyətcə çoxluğudur. Geniş dünyagörüşünə, mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı kəmiyyət və keyfiyyətcə çox zəngin olur. Söz sənətkarlarının-şair və yazıçıların bədii nitqinin zənginliyi məhz bu hesabadır.

Biz tələbələrimizin o cümlədən, gələcək məşqçi və bədən tərbiyəsi müəllimlərimizin zəngin nitq mədəniyyətinə nail olmasını, mədəni və savadlı şəxs kimi yetişməsini istəyiriksə, onlara ana dilimizdə radio – televiziya verilişlərini dəqiq izləməyə, mütaliə etməyə maraq oyatmalı, müxtəlif vasitələrlə- disputlar, bədii gecələr, şair və yazıçılarla görüşlər keçirməklə, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqəti yönəltməklə, nitqin məziyyətlərini mənimsəltməklə onların söz ehtiyatını artırıb zənginləşdirməyə çalışmalıyıq. Bədii, elmi, kütləvi, publisistik əsərlərin müntəzəm mütaliəsi gənclərimizin söz ehtiyatını artırmaqla onlar üçün ümumişlək olmayan, az işlətdikləri sözlərin də nitqdə aktivləşməsinə səbəb olacağı şübhəsizdir.

NİTQİN İFADƏLİYİ.İfadəliküslub baxımından ən uğurlu dil vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün, səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki burada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də ifadəlidir.

İfadəliyi çox vaxt söz sənətkarlarına aid edirlər, axı onlar dilin zəngin söz xəzinəsinə, onun qayda – qanunlarına daha yaxşı bələddirlər. Onlar özlərindən əvvəl yaşayıb-yaratmış sələflərinin bədii irsinə dərindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal fikirlərini daha emosional, cazibəli, mənalı ifadə etmək bacarığı nümayiş etdirirlər, dilin bütün sisteminə – fonetika, leksika, semantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli bələd olmaqla yeni dil vasitələri düzəldib işlədirlər.Elə buna görə də onların dili zəngin, obrazlı, ahənhdar və ifadəli nitq kimi yeni nəslə, özlərindən sonra gələn sənətkarlara gözəl miras kimi ötürülür.

İnsan hissələrinə təsir göstərən, onu həyacanlandıran, ruhunu pərvazlandıran, qəlbini ehtizaza gətirən, könlünü oxşayan nitq ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə nisbətən daha güclü vasitədir. Şeirdə bədiilik və obrazlılıq daha yüksək, daha əyani və güclüdür. İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin, A.Ələsgərin, M.Ə.Sabirin, S.Vurğunun şeirləri ifadəli nitqin gözəl nümunələridir.Bu şeirlərdə bədii nitq forması zahirən çox sadə, leksikası, intonasiyası və sintaksisi baxımından çox rəvan, oynaq və səlisdir. Bu şeirlər sanki xalq musiqisi ilə harmoniya təşkil edir.

Nitqin ifadəliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtləşir.İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlik imkanlarını duyub qiymətləndirməklə əlaqədardır.Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliyi, bədiiliyi gücləndirən vasitələrdir.

İntonasiyanın ifadəlik imkanları daha böyükdür. O, nitqin qrammatik və leksik-semantik normalarının əsasıdır. İfadəli nitq bədii və obrazlı olur. Obrazlılıq nitqin bütün təzahür formalarında bu və ya digər dərəcədə özünü göstərsə də, bədiilik ancaq bədii əsərlərə xasdır.

Nitqin ifadəliyi eyni zamanda onun ekspressivliyi, emosionallığı ilə əlaqədardır.Ekspressivlik özü emosionallıq və obrazlılıqla birlikdə təzahür edir. Ekspressivliyi yaratmaq sinonimlərin işlədilməsi əsasənda aparılır. İfadəli, bədii nitq emosiyalara təsir etməklə insanda müəyyən gözəl duyğular, xoş hisslər oyadır və emosionallığa səbəb olur. Bədiilik və obrazlılıq bədii təfəkkürün məhsulu olmaqla ədəbi bədii əsərlərə xas keyfiyyətdir.

Bədiilik ən çox poetik obrazlılıq anlamında işlədilir. O, söz sənətkarlarının yaradıcılığında təzahür tapır və yalnız bədii əsərlər üçün səciyyəvidir. Bədiilik sənətkarın mövzu seçmək qabiliyyətindən, obrazları təsvir etmə məharətindən, obrazlı dil vasitələrindən yaradıcılıqla istifadəsindən asılıdır.

Nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliyi ekspressivlik anlamındadır. Emosionallıq emosiyanın (fransızca “həyəcan”, “.hiss”, “təsəvvür”) ifadəsinə xidmət edir. Emosionallıq, ekspressivlik və obrazlılıq yaxın anlayışlardır , onlara patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif ifadə vasitələri ilə yaranır.

Emosionallıq törədən əsas dil vahidləri aşağıdakılardır :

  1. Hiss halları ifadə edən sözlər (təəssüv, heyf, yaxşı ki və s.)

  2. Fikrə danışanın emosional münasibətini bildirən sözlər (afərin, yaşa, var ol ; yaramaz, alçaq, şərəfsiz və s.)

  3. Emosional qiymətləndirici sinonimlər (“getmək” əvəzinə “götürülmək”, “daban alıb qaçmaq,” “əkilmək”, “aradan çıxmaq”, “ölmək” əvəzinə “gəbərmək”, “cəhənnəmə valis olmaq” və s.)

  4. Məcazi mənalı sözlər

  5. Emosionallıq bildirən nidalar və ədatlar (heyhat, əfsus, ay gəldi ha və s.) Emosionallıq yaradan söz və ifadələr cümlədə özünün müxtəlif çalarlı emosional boyalar şəklində göstərir:

Şaban nənə – A sənin atan – anan tünbətül düşsün! A səni belə əkib- doğanuvun atasına nəhlət (C.Məmmədquluzadə) Bas bayıra, sənin verin təkyə, filandı, ay xala! (Ə.Vahid)

Sual və tapşırıqlar :

  1. Nitqin münasibliyi hansı amillərlə bağlıdır?

  2. Nitqin zənginliyi dedikdə nələr nəzərdə tutulur?

  3. Nitqin zənginliyini və ya kasıblığını necə müəyyənləşdirmək olar?

  4. Nitqin zənginliyi hansı üslublar üçün səciyyəvidir?

  5. Hansı hallar yığcamlığa mənfi təsir göstərir, dinləyici və oxucunu yorur?

  6. Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir ?

  7. Nitqdə eyni dil ünsürlərinin təkrarlanması, eyni cümlə konstruksiyalarının və formalarının ardıcıl verilməsi nitqi zənginləşdirirmi? Misallar gətirməklə fikrinizi izah edin.

  8. Bədiilik nədir? Bədiilik hansı üslub və hansı əsərlər üçün səciyyəvidir?

  9. Nitqin ahəngdarlığı dedikdə nə başa düşülür ?

  10. İfadəliyi gücləndirən vasitələr hansılardır?

Çalışma . Verilmiş dialekt sözlərinin mənasını izah edin və ədəbi dildəki qarşılığını verin :

ciyi, becid, ələrdan, deşdəbəkür, dənab, düşgü hancarı, kəbə, məkə, nimdər, məhrəba, qəməlti, qarqundey, qəlbi, qəmbər, peyğəmbəri, təlis zir, yelpənək.

Çalışma . Verilmiş frazeoloji birləşmələri cümlələrdə işlədin :

Ağzına su almaq, dil-dil ötmək, dilotu yemək, bürnünün ucu göynəmək, can vermək, üz vermək, üz ağartmaq, əl – ayağı işdən soyumaq, ürəyi düşmək, mənəm – mənəm demək, gözü ayağının altını görməmək, ürəyi dağa dönmək, çiçəyi çırtlamaq, bir göz qırpımında, aydan arı – sudan duru, qılığına girmək, qəlbinə yol tapmaq, tükləri biz-biz olmaq.

Çalışma .Mətn parçalarını oxuyun, intonasiya növlərini göstərin. Durğu işarələrinin nəyin hesabına qoyulduğunu izah edin:

Vüqarı dəhşət bürüdü.Professorla stəkan – stəkana vurub şərab içsin?! Bu necə ola bilər ? Bəlkə professor onu sınayır, qanacağını öyrənir ?(V.babanlı.Vicdan susanda. Bakı, 1978. Səh 10)

İndi mən bu ağzından süd iyi gələn cavandan qorxacağam?(Durub ayağa).Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi – zəmanə? (N.Vəzirov.Əsərləri. Bakı, 1977, səh 131)

Yaz günü, səhərin oğlan çağında,

Muğan düzlərindən keçdinmi atla?

Mən turac ötdükdə ellər bağında

Göylərə uçdunmu sən o qanadla ? (S.Vurğun)

Çalışma.Frazeoloji birləşmələri tapıb onların ümumişlək sözlərə uyğun qarşılığını göstərin :

Gözüm bir alagöz xanıma düşdü, Sındı qol – qanadım yanıma düşdü (A.Ələsgər); Mənim ürəyim yumşaqdır.Hicran qəmini çəkib, sənin halına yanır; Bilirsən ki, hər nə vardı, hamısı əldən getdi ; O, xırda oğurluql məşğul olmur, həmişə qaz vurub qazan doldurmağa çalışır; Üz vermə nadana, sirr vermə pisə ; Sənin ona əl qaldırmağa ixtiyarın yoxdur ; Söz vermişəm, yalan gəlməz dilimə.

Çalışma .Frazeoloji birləşmələrə uyğun gələn ümumişlək sözləri tapıb qarşı-qarşıya yazın :

  1. üzü gəlmək, əl altından; yada salmaq; yola düşmək ; əldən düşmək ; dabanına tüpürmək ; ürəyi ağzına gəlmək ; ağzına su almaq; dilotu yemək ; başa düşmək; göz verib, işıq verməmək; yola salmaq.

  2. Qorxmaq, qaçmaq, susmaq, yorulmaq, çox danışmaq, getmək, anlamaq, xatırlamaq, ötürmək, gizli, sevinmək, incitmək.

Çalışma . Səslənməsinə və yazılışına görə eyni olan, mənaları arasında heç bir əlaqə olmayan omonim sözlərin mənalarını tapın, hansı nitq hissəsinə aid olduğunu qarşısında göstərin ;

axmaq, divan, dava, əlli, alıcı, düz, başlıq.

Çalışma . İsimlə felin kökünü omonim saymaq olarmı? Fikrinizi əsaslandırın:

Bit-bitmək, az – azmaq, çat – çatmaq, yol – yolmaq, saç-saçmaq, tut-tutmaq, sol-solmaq, sağ-sağmaq, üz – üzmək, qırx-qırxmaq, ağrı-ağrımaq, gül – gülmək, yay – yaymaq, say-saymaq, qız-qızmaq, yaz – yazmaq, aş-aşmaq, qır-qırmaq, inci – incimək.

Çalışma . İndiyə qədər gördüyünüz afişaları xatırlayaraq bir konsert afişası tərtib edin.

Çalışma . Elan ilə bildiriş arasında fərq varmı? Bir bildiriş yazın.

https://docviewer.yandex.ru/view/0/?*=nkarpD6mhAaIHVOiop6YEexnig17InVybCI6InlhLWRpc2stcHVibGljOi8vV1hOV3JZZEsxbXBMZTVRallKNnpUWStjN3RKWXI2L2w5dCtvTjdGRDlPampKdC95

 

Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

Şərh üçün bağlıdır.

74978e3b3f6e01292b82b4c8b5fff9db