Haqqında | Ağayarova Səadət

Haqqında

11 İyul 2014 27729 Okunma

Ağayarova Səadət Əbdülhüseyn qızı 1970-ci ildə Bakı şəhərində anadan olub.

1992 – ci ildə Bakı  Dövlət Universitetinin   filologiya  fakültəsini “Filoloq – Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1992-1995-ci illərdə Azərbaycan Respublikası EA-nın A.Bakıxanov adına Tarix İnstitutunda çalışıb.

1995-ci ildən Bakı Humanitar Kollecində  Azərbaycan dili və ədəbiyyat  müəllimidir.

 

“Xalq təkcə özünün çoxluğu, geniş ərazisi, təbii sərvətləri, iqtisadi inkişafı ilə tanınmır. Onu tanıdan həm də mənsub olduğu ən dəyərli mənəvi sərvəti sayılan Ana dilidir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Azərbay­can dili dövlətimizin başlıca rəmzlərindən biridir. Azərbaycan Respub­li­ka­sı Kons­ti­tusiyasının 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azər­baycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

 

Qədim minilliklərdən xalqımıza ana dili kimi xidmət etmiş bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yazılmışdır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi Azərbaycan xalqının ən qədim xalqlardan olduğunu göstərir.

 

XX əsr Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi döv­rü­dür. XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan dilinin hərtərəfli inkişafı, ümum­işlək dilə, dövlət dilinə çevrilməsi, dünyanın hegemon dövlətlərinin, ən yük­sək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi böyük rəh­bə­rin adı ilə bağlıdır. Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi ki­­mi tarixi missiyanın yerinə yetirilməsində  ümummilli lider H.Əliyevin müstəsna rolu olmuşdur. XX əsrin sonlarından başlayaraq, dilimiz ən yüksək kürsülərdə səsləndi.

 

Əsrin sonlarında dövlət dili statusu qazanmış Azərbaycan dilinin yayılma are­alı indi daha da genişlənmişdir. Gənc, müstəqil dövlətimiz dünyaya sürətlə in­teq­rasiya olunur. Azərbaycan yalnız regionun deyil, böyük dünya dövlətlərinin də diq­qətindədir. Ölkəmizin siyasi, iqtisadi, mədəniyyət siyasəti, o cümlədən, dil siya­sə­ti dünya üçün xüsusi maraq kəsb edir. Azərbaycan dilinin mövqeyi sürətlə yük­səlir. Bu dil hazırda milyonlarla azərbaycanlının mədəni inkişaf vasitəsidir. Azər­bay­canlılar bir çox dünya ölkələrində – Cənubi Azərbaycanda, Rusiyada, Orta Asi­ya Respublikalarında, Amerikada, Avstraliyada, Türkiyədə, Qərbi Avropada və b. öl­kə­lərdə bu dildən ünsiyyət vasitəsi kimi istifadə edirlər.

 

Azərbaycan dili ölkəmizin bütün təhsil müəssisələrində əsas təlim dili kimi fəaliy­yət göstərir və əsas fənn kimi tədris olunur. Ana dilinin praktik bir fənn kimi tədrisi prosesində tələbələr dilimizin səs sisteminə, zəngin lüğət ehtiyatına bələd olur, dilimizin qrammatik quruluşunu, al-əlvan dil üslublarından istifadə imkan­la­rı­nı öyrənir, yazılı və şifahi nitq vərdişlərinə yiyələnirlər.

 

2002-ci il sentyabrın 30-da  qəbul edilmiş  “Dövlət dili haqqında” qanun Azər­bay­can Dövlət dilinin tədbiqi ilə əlaqədar qarşıya bir sıra vəzifələr qoymuş­dur. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabi­ne­ti yanında Dövlət dilinin tədbiqi üzrə hökümət komissiyası yaradılmış, “Azər­bay­can dilinin Dövlət proqramı” hazırlanmış və təsdiq edilmişdir. Həmin proqrama uy­ğun olaraq yeni tipli dərsliklərin, proqramların, dərs vəsaitlərinin hazırlanması günün vacib tələblərindəndir.

 

23 may 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azər­bay­can dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzaladı. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasətinin dava­mı­dır. Sərəncamda deyilir:Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azər­bay­canlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir… Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.

 

Sərəncamın verilməsini zəruri edən bir sıra səbəblər var. “Dil millətin güz­gü­sü­dür”- deyiblər. Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin imkanlarından lazımınca və düzgün istifadə edilmir. Belə ki, ədəbi dildə diimizin özünəməxsus in­ki­şaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlər daha qabarıq şəkil­də özünü göstərir. Bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədə­bi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dil­lər­­dən çevrilən əsərlərin tərcüməsi dilimizin geniş və bənzərsiz ifadə imkanları ilə mü­qayi­sədə çox aşağı səviyyədədir. Reklam və afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulmasına tez-tez rast gəlirik ki, bu da ümu­mi mədəni səviyyənin mənfi göstəricisinə çevrilib. Nəticədə, dövlət dilimizin tət­bi­qi sahəsində bir sıra problemlər özünü göstərir. Kütləvi informasiya vasitə­lə­rin­də tez-tez rast gəlinən ədəbi dil normalarının pozulması halları (sözlərdə və cüm­lələrdə vurğunun düzgün işlənməməsi, saitlərin yersiz uzadılması, qrammatik gös­tə­ricilərin kobud şəkildə pozulması və s.) yeniyetmə və gənclər arasında daha geniş yayılmışdır. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və in­ter­aktiv dərsliklərin, dərs vəsaitlərinin yoxluğu, Azərbaycan dilini öyrənənlər üçün təd­ris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi bu sərən­cam­da irəli sürülən həll olunması vacib olan məsələlərdəndir. Sərəncam Azərbay­can dili tədrisinin məzmunca yenilənməsini də bir vəzifə kimi qarşıya qoyur.

 

26 dekabr 2013-cü ildə Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəs­si­sə­lə­rin­də kredit sistemi ilə tədrisin təşkili qaydaları” haqqında 354 saylı qərarı təsdiq edil­mişdir. 2014-cü tədris ilindən başlayaraq Bakı Humanitar Kollecində (əvvəlki adı: Bakı Sosial Pedaqoji Kolleci) tədris kredit sistemi ilə həyata keçirilir. Kredit sistemi ilə tədris alan tələbələrin fəaliyyətini fəallaşdırmaq, bilik və bacarıqların əldə edilməsini, nəzəri dərslərin mənimsənilməsini asanlaşdırmaq, tədrisdə əldə olun­muş nailiyyətləri yüksəltmək məqsədilə Tədris Planında ixtisas fənni kimi nəzə­rdə tutulan “Azərbaycan dili” fənni üzrə bütün mövzular hazırlanmış və saytda yer­ləş­dirilmişdir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, mövzular hazır­la­nar­kən mövcud dərsliklərdə yol verilən qüsurlar aradan qaldırılmış, orfoqrafiyadakı yeni­lik­lər E- Dərslikdə əks olunmuş, dilimizə daxil olan yeni sözlər E- Dərsliyə əlavə edilmiş və mənaları izah edilmişdir. Bundan başqa, pedaqoji kollec tələbə­lə­ri­nin dərslik kimi istifadə etdikləri bəzi mənbələrdə hələ də “kolxoz”, “sovxoz”, “televizor”, “tozsoran” və s. sözlər hələ də neologizm kimi verilmişdir. Halbuki, müa­sir zaman kəsiyində bu sözlərin bir qismi ümumişlək sözə çevrilmiş, bir qismi isə ümum­işləklik hüququnu itirərək arxaikləşmişdir. E-Dərslik tərtib olunarkən həmin vahidlər daha dəqiq qruplaşdırılmışdır. Bundan başqa E- Dərslikdə möv­zu­la­­ra uyğun tərtib olunmuş sxem və cədvəllər də istifadə olunmuşdur ki, bu da möv­zu­ların qavranıl­ma­sını asanlaşdırır.

 

Saytın “Azərbaycan dili” bölməsində  Azərbaycan dili fənni üzrə tədris olunan bütün proqram materialları yerləşdirilib. Materiallarda  Azərbaycan dilinin orfoepiya və orfoqrafiya qaydalarına, müasir dilimizdə işlənən alınma sözlər və onların Azərbaycan dilindəki qarşılıqları, dialekt söz­lə­ri, arqo və jarqonlar haqqında məlumatlara xüsusi yer verilib, dilimizin qrammatikası ilə bağlı mövzuların izahında sxem və cədvəllərdən geniş istifadə olunub.

 

Mövzular orta məktəb səviyyəsi ilə ali təhsil səviy­yə­sinin birləşdirilməsinə xid­mət edir və orta ixtisas təhsili üzrə təhsil alan tələbələrin səviyyəsinə uyğun hazır­lanmışdır.

 

Mövzular Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azər­bay­can dili və ədəbiyyatı” bölməsinin “23 iyun 2009-ci il” tarixli (Protokol №22) əmri və Bakı Humanitar Kolleci Metodiki Şurasının 07.07.2016-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan dili” proqramı əsasında tərtib edilmiş, Bakı Humanitar Kollecinin müəllimləri tərəfindən müzakirə edilərək bəyənilmiş, Peda­qo­ji Şuranın iclasında təsdiq olunmuşdur.

 

Azərbaycan dili fənni ixtisas fənni kimi:

040110 – “Məktəbəqədər təlim və tərbiyə”

040109 – “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”

040108 – “Ailə və ev təhsili” ixtisasları

üzrə kredit sistemi ilə təhsil alan qruplarda II kursdan başlayaraq tədris olunur.

Tədris Planında həmin fənnin tədrisinə 120 saat ( 60 saat mühazirə, 60 saat seminar) ayrılmışdır.

E – Dərslikdəki mövzular bütün mühazirə və seminar mövzularını əhatə edir.

 

Hesab edirəm ki, E – Dərslik Respublikamızın orta ixtisas təhsili müəssisə­lə­rin­də, kolleclərdə kredit sisitemi ilə təhsil alan bütün tələbə və müəllimlər üçün faydalı olacaq”.

 

 Səadət Ağayarova

 

  • seadetazerb.com  saytı 2014-cü ilin iyul ayından fəaliyyətdədir.

 

üçün 4 cavab

  1. Feride deyir ki:

    Çox dəyərli Müəlliməm. Doğurdanda müəllim adını çox layiqincə daşıyan Şəxsiyyət. İşini bu qədər sevən və dəyər verən, bu qədər dürüst,vicdanlı, mehriban, səmimi, bilikli, ikinci bir müəllim tanımıram mən. Halal olsun sizə!!!

  2. Bilal Həsənli deyir ki:

    Səadət xanım Ağayarova respublikamızın istedadlı dil -ədəbiyyat müəllimlərindəndir. əminəm ki, onun yaratdığı sayt müəllim və tələbələrimizin ixtisas səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəkdir. Məhz belə təşəbbüslər təhsilimizin gələcəyinə inamımızı artırır.

  3. Hörmətli Bilal müəllim, diqqətinizə və rəyinizə görə çox minnətdaram.

  4. Əzizim Fəridə, sənin simanda bütün tələbələrimi salamlayıram. Siz bizim Gələcəyimizsiniz. Bir xalq öz elmi və mədəniyyəti ilə tanınır. Əminəm ki, siz də Müəllim adını Uca tutub, bu adı şərəf və ləyaqətlə daşıyacaqsınız, Xalqımızın, Dövlətimizin və Gələcəyimizin naminə! Sizə UĞURLAR arzulayıram! Yolunuz daima açıq olsun! Minnətdaram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

74978e3b3f6e01292b82b4c8b5fff9db